✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
Yiyəsiz uşaqların,
tövbəsiz günahların
ahı tutar adamı..
Qapını kəsdirərlər
aramsız bir yağışla,
Biri çörək istəyər,
biri deyər "bağışla".
Birinin əyni yalın,
birinin boynu bükük
Biri qıçın boydadır,
biri başından böyük..
Bir gecədə törəyər
rəhmətindən didərgin,
möhürlənmiş kölgələr,
Bir vaxt kimsəsiz qalan,
bir vaxt unudulan ah,
bu gün qapın önündə
fəryad eyləyən günah..
Anasız, atasızdır..
Vur özünü gah sağa,
Vür özünü sola sən,
Öz yetim günahına
necə özgə olasan?
Yiyə durmasan əgər
bu iki kimsəsizə,
Atanı da satarlar,
ananı da ucuza..
(oktyabr 2026, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
Kürün, Arazın adı
Xəzərə çatanacan,
Sahillərdən sahilə
özün atanacandır..
Ay bir gecəlikdisə,
Günəş batanacandır..
Hər şeyin öz vaxtı var,
Başını qoy yastığa,
çətin yatanacandır..
(sentyabr 2026, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
Düyünlənən liflərinə
bir tənəyin inadı ki,
sədaqət andı içib,
Bir-birindən ayrılmağa
ancaq bıçaq inandırar
meynə budaqlarını..
Sən burduqca, burulduqca
üz-gözünə salxım-salxım,
gilə-gilə tökülərlər..
(sentyabr 2026, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
Zər atırlar..
Zər atırlar..
Xeyir deyib
şər atırlar,
Qara zərlər
ağ daşlara
dəyib gəlir
ovucuma..
Nərdtaxtanın
bu ucundan
o ucuna
heç bir arşın
eləmirsə,
Göyə çıxsın,
yerə girsin
qara başım..
Altı gündə,
altı dəfə
boş hədəfə
ha zər tutum,
ha fənd işlət..
Nəsə bir iş
var bu işdə..
Allah özü
dü şeş gəlir
hər gedişdə..
(sentyabr 2026, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
Çəkdi ciyərinə bir qurtum külək,
yığdı qanadını, bükdü köksünə..
Uçmaq...
gecənin dalınca sürünmək kimi,
sərsəri havanın dadına baxmaq...
Ağzında turşumuş arpanın tamı,
Şəhər aşağıda sarı bir qucaq
Küçə işıqları, maşın fəryadı
Şüşə qırıqları, soyuq bir səki..
Hər gün eyni lapa, hər gün eyni dən..
Yeyib ağzınacan doyasan təki..
Tüpürər bu yerin bəlkə üzünə
Bilsə, yer üzünün neçə üzü var..
Sürüşdü caynağı altından budaq,
buraxdı özünü yerə qaranquş..
Sındı badə kimi çırpılıb yerə..
Bir az da alçaldı şəhərin boyu,
Öyrətdi daşlara boyun əyməyi.
Sındı bir sərxoşun axşam qisməti,
Qaldı boğazında sağlıq deməyi..
Söydü bu dünyanın etibarını..
Söydü həm yoxunu, həm də varını..
Havadan bir tikə yer də boşaldı...
Bircə lələk qaldı asılı göydə
Bir də yaxasından söyüş asıldı..
(sentyabr 2026, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
Biri var, biri yox..
Hində cücələr
bu gün biri itir,
sabah biri yox..
Tövlədən qaçanın
xəbər-ətəri,
Özünü asanın
kəndiri yoxdu..
Deyirlər, tülkülər
gediblər həccə
Belə nağıllara
inanmır cücə..
(avqust 2026, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
Yoxdu günahlarımdan
arınmadığım gecə..
Başı rahat yastığa
qoyduğum gecə yoxdu..
Hara baxsan qeyb olur
gündüz nigaranlığı
gecə aramlığında..
Gündüz çoxbilmişliyi
gecə avamlığında..
Gündüzün fitnəsindən
gecəyə sığınıram..
Riyadan don geyinmiş
parıltılı səhərdən..
Hər mövzu ətrafında
ürəkdən andiçmələr
Dönər zəqqum zəhərə
gecə etirafında..
Səhər hər vaxt açılar
ağsaqqal simasında,
Bükər həqiqətləri
yalanın arxasında..
Gündüz gülər üzümə,
gecə çökər gözümə.
Bir yalandan ötəri
qəniməm öz-özümə..
(avqust 2026, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
Gəlin içək, bu dünyadan
köçənlərin sağlığına..
Ayaqüstə ölənlərin,
ölüb də dirilənlərin..
Göz yaşını şərab edib
dərd üstünə dərd calayan,
Gileyini ürəyində
gizli-gizli parçalayan,
Bu ömrün hər yoxuşunu
gülə-gülə
keçənlərin sağlığına..
Bələyi də, kəfəni də
eyni bezdən
biçənlərin sağlığına..
Gölüm var, dənizim yoxdu,
Sizin vardı, bizim yoxdu,
Hər tikədə gözüm yoxdu,
Üçdən-beşdən nə var əziz?
Elə üç var, beşdən təmiz..
Gəlin içək, üçü beşə
seçənlərin sağlığına..
Gəlin içək.. gəlin içək
içənlərin sağlığına..
(iyul 2026, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
Üç taxtadan keçir yol :
Beşik, əsa, tabutdan..
Beşik sındı, boy atdı,
Süddən kəsilən ağız
əvvəl aşa dadandı,
sonra daşa dirəndi..
Göz dikdiyim tikələr
bir ovuc quma döndü,
ələndi qarış-qarış..
Torpaq altında qurd-quş,
torpaq üstdə dörd divar
arasında can qovur,
hər yetən bir ad qoyur..
Yol dolandı, iz itdi,
Göydən düşən üç alma
görən kimə qismətdi?
Köç yığıldı dərədən,
Hürkən qaçdı bərədən,
Dövran keçdi bəridən..
Bulaq üstdə gəlinlər
səhəngini doldurdu,
Bir igidin ömrünü
göz ucuyla soldurdu..
Göy otları biçdilər,
Yazda doğan quzular
payız vaxtı şişlərə,
köz üstünə keçdilər..
Çay daşları yumruca,
Sel gələndə səslənər,
Bizim dağın dumanı
yatağında bəslənər..
Bu dördkünclü dünyada
yüz qapıdan ötdülər,
Axırıncı mənzildə
başdaşına yetdilər..
Yarpaq düşdü budaqdan,
Yel sovurdu, apardı,
Ocaqdakı sonuncu
od-alovu qopardı..
Gen dünyanı dar edən,
Yorulmadan yel qovan
qara yerdə dincəldi.
Bir günlük qonaq idi,
Göy guruldadı, gəldi..
(iyun 2026, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
Döyür dörd yanımı quduz bir liman,
Boğulur gəmilər bathabatımda..
Keçirib boynuma qırmağın zaman,
Gah suyun üzündə, gah da altında..
Ölüm pəncəsində,
gah da həyatın
boğaza dirənən işgəncəsində...
Ovcumda çırpınan yaralı quşun
dimdiyi qanlıdır, caynağı təşnə..
Yollarda qurd-quşla qohum olmuşuq,
yollar yırtıcıyla doluymuş, demə!
Qıvrılıb qoynumda qara ilanlar,
Zəhərin dadına öyrəşib dilim..
Çörəyim daşdandı, suyum yağışdan..
Diri basdırılmış ölülər kimi
gah torpaq üstündə, gah torpaq altda..
Ölüm pəncəsində,
gah da həyatın
boğaza dirənən işgəncəsində…
Torpağın qarnına düşən toxumam,
Cücərib çıxmağa heyim qalmayıb.
Yüküm elə ağır, özüm elə xam!
Bilməm, nəyim qalıb, nəyim qalmayıb?
Şəhərlər dar gəlib gen ürəyimə,
Dərdi yükləmişəm yorğun buluda,
Yusifdən yan keçən, bizdən xəbərsiz
Ümidlər can verib dilsiz quyuda.
Alnımın təriylə gözümün yaşı
Dəyməz bu dünyanın quru xərcinə
Ömrün uzunluğun ölçüb arşınım:
Ana qucağından kəndir ucuna..
Gah əl üstündəyəm, gah ayaq altda..
Ölüm pəncəsində,
gah da həyatın
boğaza dirənən işgəncəsində...
(may 2026, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
Düşən qor kökündən alışdı dildə,
Alovu yellərə calamaq olmur..
Ürək uşaq deyil iyirmi birdə,
İndi əvvəlkitək dolamaq olmur..
Cibdə davasıdır çörəyin, aşın,
Məqamsız təşvişin, vaxtsız təlaşın,
Ömrün baharını ötəndə yaşın
Solan güllərini sulamaq olmur..
Günəşdən hər axşam, aydan hər səhər
Günləri borc alıb ödə birtəhər!
İlişir boğazdan aşağı qəhər
Ürəyi qəhərə bulamaq olmur..
Yandır kötükləri dönüncə külə,
Yandır, bir də çətin yanıb tökülə..
Siqaret deyil ki, dərd də çəkilə
Onu tütün kimi qalamaq olmur..
Düşüb bir oğlundan asiman uzaq,
Biz oynamamışıq, biz də uduzaq,
Hürür çoban iti, susur yalquzaq
İt hürən tərəfə ulamaq olmur..
(may 2026, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
Şoranlıqda güllər əkdim,
Suladım torpaq doyunca
Küləklərdən, şaxtalardan
qoruyunca
həlak oldum..
O gün ki hürrü-pak oldum,
Xırda-xırda toxum sayaq
əkildim gül kimi yerə..
Götürmədi şoran torpaq..
Güllər açdı, mən açmadım..
Oynamayan xonçalara
düşdü gülün qönçələri..
Güllər yad əllərdə gəldi
ziyarətə
Cərgə-cərgə düzüldülər
ziyafətə..
Yaman düşdük
torpağın da ac vaxtına..
Azdı itim qaranlıqda,
şoranlıqda..
Şoranlıqda güllər əkdim,
Suladım torpaq doyunca
Küləklərdən, şaxtalardan
qoruyunca
həlak oldum..
(may 2026, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
Kənd uzanır dəmir yolu boyunca,
Bir cığır da gediş-gəliş izlərindən
yağış yağıb, su yığılıb, açılıb.
Bura Qədirbağıdır..
Hər girəndə bir salavat,
bir fatihə oxuyarıq
Qədir kişinin ruhuna..
Arxasıyca neçə gözün
mayəsini
ağlar qoyub,
Neçə-neçə ailələrə
bağlar qoyub.
Bu bağlarda səndən sonra
nə əkilir, kal yetişir..
İndi hər küncdə, bucaqda
bir qədir bilən gəzirəm.
Qədir bilmək
indi yaman
çətinləşib,
Qədir kişi!
Bir az var ki, dayanmışam
tut ağacının altında..
Dünən burda,
elə indi dayandığım yerdə dünən
bir zəncini maşın vurdu qaranlıqda
Dedilər "sürən görməyib",
"o heç kimi öldürməyib"..
Neynəsin ki, qaranlıqda
seçilmədi üzü-gözü,
zəncinin qara bənizi..
"Nə iti azmışdı onun
gecənin bir vaxtı orda?"
dedi qeyrət keşikçisi..
Dayan.. Yaxşı sualdır bu..
Görən, gecənin bir vaxtı
nə gəzirdi orda zənci?
"Ya bomjdur, ya dilənçi!"
Ortada bir cansız bədən,
bir də şey-şüy.. ətrafında..
Səpələnmişdi hər yerə
qəpik-quruş, əskinaslar..
Aha..
və bu ərəfədə
bir tülkü də duyuq düşdü,
Zənciyə göz gəzdirəndə
nəsə parıltı görmüşdü..
İndi..
İndi..
Ancaq indi fanar yandı,
Gecə sanki aydınlandı,
İşıq düşdü üz-gözünə,
Bir qızıl saat sallandı
meyidin yırtıq cibindən..
(yanvar 2026, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
Şərin xeyri ram etdiyi,
gəbərtdiyi bir vaxtda
yuxun çəkilibsə ərşə,
səni yatmağa qoymayan
hər nədirsə, düş izinə, çıx küçəyə !
Qoşul qarovulçulara,
dağda ulaşan itlərə..
Marıtdıyıb sənə baxan
bir cüt gözdən, ya nəfəsdən
hürkən olma, hürküdən ol !
Tutub cırıq yaxasından
yar gecənin bağrını !
Azan səsi güdənlərin
daşırt səbir kasasını..
Salıb yerə niqabların
küləklərlə hesablaş,
salıb yerə bu göylərin
parıldayan tacını,
ulduz hakimiyyətini
devirməyə hazırlaş!
Al əlindən İsrafilin şeypurunu,
hüzünlü bir nəğmə oxu, od üfür !
Sübhü sürüyə-sürüyə
saçından tutub gətir!
Qaldır başın,
qoy üzünə baxsın onu kim doğur..
(yanvar 2026, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
İşığın çoxluğundan
kor olmuşdu gözlərim?
Ya elə həmin korluq
görməyin özü idi?
Görmək nədir ki guya?
Bir cüt gözdür, ya işıq?
Görən gözdürsə əgər,
o gün Yanıq Kərəmi
necə çaldı kor aşıq?
Söz necə dilə gəldi?
Ya saz necə mələdi?
Ya da ki, hara getdi
“Aşıq çalar gördüyün”?
Sən necə tay tutursan
günün gündüz çağında
əllərində çıraqla itənləri
qaranlıqda özünü tapanlara?
Gedin, deyin, qiyamətin
əlamətin güdənlərə,
Mehdini çağıranlara,
Ki, bu yerdə kimlər görür
kimlər eşidir, bilinmir.
Görüm, ağızları nədir,
buna qiyamət deməsinlər!
(oktyabr 2025, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
Bu aləmdə hər mövcudat
Öz yerində qərar tutub
Nə qarışıb xeyir şərə,
Nə şər xeyri üstələyib.
Xeyir əzəldən özünü
Şər olandan kənar tutub.
Dünya öz dünyalığında,
Allah Allahlığındadır.
Fəqət təkcə insan oğlu
Uduzubdur bu alverdə.
Bu ucsuz-bucaqsız yerdə
Nəsə qərar tuta bilmir.
Bircə bizik ki, qalmışıq
İki dağın arasında:
Yamaclarda get-gəl edib
Hər dəfə girinc, müztərib
Elə dırmaşa-dırmaşa
Gah o başa, gah bu başa,
Ya əbədiylə faninin,
Ya varlıq ilə yoxluğun,
Ya yaşayarkən ölməyin,
Ya ölərək yaşamağın arasında..
(avqust 2025, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
Nakam arzularım göydən asıldı,
Hər cür məhrəmimə yadlar basıldı,
Bədən silkələndi, ürək sarsıldı
Kor bəxtim oynadı yarış mənimlə
Sevgidə yanıldım, dostda uduzdum,
Hərəsin ağlımda bir yerə yozdum
Öz alın yazımı özüm də pozdum
Küsdü alnımdakı qırış mənimlə
Ömürlük zəhmətim puç, hədər oldu
Sonda mənə qalan bir qədər oldu
Gələnlər qapımdan nöş gedər oldu?
İndi olmadılar tanış mənimlə?
Hər nə yola girdim, duman bağladı,
Hər gedən sinəmi bir də dağladı
Kişilər ağlamaz? bayaq ağladı
Bayaq birgə yağdı yağış mənimlə
Hərçənd, söykənəsi dayağ deyilsən
Sən özümüzküsən, qırağ deyilsən
Küsdün barışırsan, uşağ deyilsən
Barış, ey taleyim, barış mənimlə
(avqust 2025, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦
Salam olsun səhərin ilk işığında
yola düşən yorğun, səssiz addımlara..
Ovucunda xırdalanmış
çörək qırıntılarına..
Təkcə ümidlə isinən
soyuq, dolu otaqlara..
Dərdini bölüşməsə də
gülümsəyən baxışlara..
Ayaqqabısı palçığa batanlara,
başı göydə ulduzlara dəyənlərə..
Salam olsun bir cüt corabı bölüşən
bacı-qardaş səmimiyyətinə..
Şaxtalı bir qış səhəri
avtobus yolu gözləyən
məsum, yuxulu gözlərə..
Salam olsun başqasının
dərdinə qulaq kəsilən qulaqlara..
Bükülməyən beli ilə
taleyin yükün daşıyan çiyinlərə..
Gecənin qaranlığında
göyə ümidlərlə qalxan,
çörəyin daşdan çıxarıb
süfrəsini nurla bəzəyən əllərə..
Bu yoxluqlar dünyasında
varlıqla keçinənlərə..
Və ya, yoxluğu əlində
varlığı qəlblərində daşıyanlara..
Salam olsun, qazanları boş olsa da
evin qonaqsız qoymayan qapılara..
bircə nimdaş paltarını hər bayrama
təzə kimi ütüləyib geyən qürur sahibinə..
Çörəyi duza batırıb
onu belə bayram edən sadəliyə..
Kasıb cibinə sığmayan
zəngin, təmiz ürəklərə
Salam olsun..
(avqust 2025, Bakı)
✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦ ✦