Fransisko Qoya, "Zəkanın yuxusu canavarlar doğurur" (El sueño de la razón produce monstruos), 1799.
Fransisko Qoya, "Zəkanın yuxusu canavarlar doğurur" (El sueño de la razón produce monstruos), 1799.
1934-cü ilin yayında Stalin Pasternaka zəng edir. Mandelştam artıq həbsdədir, səbəbi də hamıya bəllidir. Stalin haqqında yazdığı epiqramı dostlarına oxumuşdu və içlərindən biri xəbər çatdırmışdı. Kremldəki adam şairdən bir şeyi dəqiqləşdirmək istəyir. Mandelştam ustaddırmı, yoxsa yox? Pasternak bu suala düz cavab vermir, söhbəti ustadlıq məsələsindən kənara çəkib deyir ki, Stalinlə görüşüb həyat və ölüm barədə danışmaq istərdi. Stalin dəstəyi asır. Pasternak geri zəng vurur, amma Stalinə düşmək olmur.
Bu epizod onilliklərdir müzakirə olunur və adətən iki cür oxunur. Birincilər Pasternakı qorxaqlıqda ittiham edir. İkincilər ona bəraət verir ki, şair idi, siyasətin dili ona yad idi, o dili öyrənmək də borcu deyildi. İkinci oxunuş daha çox yayılıb və səbəbi aydındır. Adamlar dahilərdən təmizlik gözləməyə vərdiş edib. Pasternakın “həyat və ölüm” sözlərini bu qədər rahat bağışlayan da həmin gözləntidir.
Mən Pasternakı mühakimə eləmirəm, çünki telefonun o başında Stalin olanda adamın ağlı yerində işləmir. Diqqət çəkən başqa şeydir. Pasternak siyasətdən nə qədər kənarda dayanmağa çalışırdısa, siyasət onun nömrəsini yenə tapıb yığırdı. Siyasət adamdan xoşunun gəlib-gəlmədiyini soruşmur. Dahilərə gəldikdə isə bu fikri deməyə hamı razı olmur, çünki “dahi” sözü ilə birlikdə hazır bir obraz gəlib durur frontal korteksimizin önündə. Dahilər həmişə kənarda bir yerdə, toxunulmazdırlar. Onlarla mübahisə etmək üçün əvvəlcə onun hardan çıxdığına baxmaq lazımdır.
Bu obrazı dahilər özləri yaratmayıb, onların oxucuları, dinləyiciləri, tamaşaçıları yaradıb. Gündəlik həyatın dişli çarxları arasında hər gün bir az aşınan adamı təsəvvür etmək kifayətdir. İş yerində alçaldılır, evdə pul hesabı aparır, vəzifə uğrunda gedən söz-söhbətdən yorulur, axşam evə qayıdanda daxilində nəyinsə köhnəldiyini hiss eləyir. Belə adamın təsəlliyə ehtiyacı olur və təsəlli də o olur ki, hardasa bir yerdə çirkaba bulaşmamış bir ağıl var, ona iş yerindəki hiyləgərliklər də, ailənin hesabı da toxunmur.
Bu təsəlli anlaşılandır və qınamaq olmaz, çünki əlbəttə hamının üzünü çevirib baxdığı bir yer olmalıdır. Problem həmin yerə tam təmiz damğası vurulandan sonra başlayır. Dahini həyatdan qoparıb postamentə qaldıranda onu hamının əlindən qorumuş olursansa, eyni zamanda canlılıqdan da çıxarmış olursan. Necə ki heykəldən sual soruşmurlar. Siyasətə münasibəti barədə cavabı da oxucu özü verir və təbii ki, öz xeyrinə. Deyir ki, o bu işlərdən uzaq adamdır.
Orta əsrlərdə şair divan məmuru, rəssam sifarişçinin işçisi, alim saray həkimi və ya münəccimi idi və heç kim bunu qəbahət saymırdı. Romantizm dövründə yeni bir hekayə yarandı. Yaradıcı hökmdarın qapısından çıxıb təkbaşına dağa çıxdı, ilhamdan başqa heç kimə borclu olmadı. Təsadüfi deyildi, çünki saray zəifləyəndən sonra sənətkarın yeni sifarişçisi pul verən oxucu kütləsi oldu və “ilham” sözü həmin asılılığın üstünü gözəl örtdü.
Oxucunun gözləntisi zamanla dahinin özünü də dəyişir. “Siyasətlə maraqlanmıram” cümləsi bir müddət sonra yaradıcının vizit kartına çevrilir, çünki bu cümlə heç kimi incitmir, nəşriyyatçı da, messenat da, auditoriya da razı qalır. Adam rolu oynamağa başlayır və rolun harda bitib özünün harda başladığını get-gedə ayıra bilmir. Və nəticəsi də ağır olur. Dahinin istedadı onu formalaşdıran siyasi mühitdən və hadisələrdən təcrid olunmuş kimi təsvir ediləndə, ən yaxşı halda onun səmimiliyinə, ən pis halda isə dahi olmağına şübhə yaranır. Səmimiliyə şübhə ona görədir ki, öz dövrünün içində yaşayan adam o dövrün siyasətindən xəbərsiz olduğunu deyirsə, yalan danışır. Dahiliyə şübhə isə daha ciddi məsələdir və iki halı ayrı-ayrılıqda nəzərdən keçirməyi tələb edir.
Birinci halda adam siyasətdən uzaq görünür, çünki bu ona sərf edir. Zülmün açıq işlədiyi dövrlərdə ağıllı adamlar tez-tez apolitik görünməyi seçib və buna haqları da olub. Susmaq da bir metoddur, ən azından kitab yazılana qədər, əlyazma təhlükəsiz yerə çatana qədər, adam sağ qala bilənə qədər. Tarix belə nümunələrlə doludur və onları qınamaq olmaz.
Amma maska ancaq metod olduğu müddətdə dahiliyi qoruyur. Onun arxasında nə olduğunu bilən, nəyi niyə gizlətdiyini başa düşən və nə vaxt çıxaracağını hesablayan adam hələ özünün sahibidir. Maska isə vaxtla üzə yapışır. “Bu barədə danışmağın vaxtı deyil” deyən adam hər il bu cümləni təkrar edir və bir gün baxıb görür ki, danışmağın vaxtı çoxdan gəlib, amma danışacaq söz qalmayıb. Bu yerdə birinci hal bitir, ikinci hal başlayır.
İkinci hal korluqdur. Adam siyasətin onun həyatına, işinə, hətta düşüncə vərdişlərinə necə nüfuz etdiyini görmür, ya da görmək istəmir. “Dahi” sözü ilə “görmür” sözü bir cümlədə yaxşı yola getmir axı. Geniş şüur hər şeydən əvvəl adamın öz dayandığı yeri görməyi deməkdir, baxışın uzağa getməyi ondan sonra gəlir. Fərd öz varlığının hansı mexanizmlər tərəfindən qurulduğunu dərk eləmirsə, dahiliyin tələb etdiyi genişlik də yoxdur.
Korluğun izi əsərin özündə də qalır. Siyasətdən uzaq sayılan mətnlərin içində belə mövcud nizam fon kimi dayanır. Kim xidmət edir, kim sifariş verir, kim hansı sözü deyə bilir, kim ancaq susur. Müəllif bunu təbii hesab etdiyi üçün fonu sorğulamır, fon isə əsərin mənasını gizli yerdən qurur. Neytral görünən mətnlər çox vaxt mövcud nizamla razılaşmış mətnlərdir və bu razılıq heç kimin gözünə dəymir, çünki hamı eyni nizamın içindədir.
Burda adətən siyasətin çirkli olduğu deyilir və əlbəttə doğrudur. Amma çirkin iyini qapının ağzından hiss edib geri qayıdan adam onun haqqında bilik sahibi sayılmır. Qapıdan baxıb “iylənir” deməyi bacaran çoxdur, içəridə nələrin necə işlədiyini bilən isə azdır. Dahidən tələb olunan ikincisidir, siyasətin onu necə qurduğunu bilmək. Partiyaya yazılmaq, bəyanata imza atmaq bu işin yalnız bir variantıdır və hamıya yaramır.
Bunun üstündə təbii bir etiraz var ki, “siyasət dediyin partiya, mitinq, bəyanat deyil ki, hər dahi ora getməlidir”. Etiraz yerindədir, amma siyasətin nə olduğunu dəqiqləşdirmək lazımdır.
Siyasəti partiya biletinə, mitinq nitqinə, bəyanata atılan imzaya endirmək dar baxışdır. Daha geniş götürəndə kimin sözünün çap olunduğu, kimin kürsüyə çıxarıldığı, kimin susdurulduğu, imkanın və haqqın necə bölündüyü siyasətdir. Çobanın otlaq payından akademikin maaş cədvəlinə qədər hamı bu bölgünün bir tərəfində dayanır. “Siyasətlə maraqlanmıram” deyən adam taksiyə minəndə sürücü ilə iki dəqiqəyə qiymətlərdən, yollardan, məmurlardan danışmağa başlayır. Görürsən ki.. Mövqeyi var, sadəcə ad qoymur bu mövqeyə.
Yaradıcılığa gəldikdə bu bölgü daha aydın görünür. Azərbaycan ədəbiyyatında kamillik meyarı sayılan Nizaminin “Xəmsə”sinə baxanda beş poemanın hər birinin ünvanında bir hökmdar dayandığını görürsən. “Leyli və Məcnun” Şirvanşah Axsitanın sifarişi ilə yazılıb, “İskəndərnamə” isə ideal hökmdar haqqında bir növ siyasi traktatdır. Bu, şairi kiçiltmir. Poeziya sarayın, himayənin, sifarişin içindən keçərək yaranıb və Nizami şeirini bu şəraitdə qurmağı, sifarişçinin tapşırığını öz fikrini deməyin vasitəsinə çevirməyi bacarıb. Bunun üçün öz mühitinin siyasətini çox yaxşı oxumuş olmaq lazım idi.
Senzura olan yerdə siyasət yaradıcının üslubuna da girir. Sovet dövründə yazanlar hər cümləni iki oxucu üçün (həm oxuyan, həm də qadağa edən üçün) yazırdı. Ezop dili adlanan bu texnika yaradıcılığın siyasətdən azad olmadığını ən açıq göstərən nümunədir, çünki üslubun özü siyasətin məhsuludur. Metaforaya sığınan da, riskə gedib açıq yazan da eyni bölgünün içindədir.
Bizim torpaqlarda siyasət yaradıcıya daha qəribə bir yerdən də girib. Əlifbadan! XX əsrdə yazı ərəbdən latına, latından kirilə, kirildən yenidən latına keçirildi. Əlifba yazıçı üçün ən texniki məsələ kimi görünür, amma kitabının oxuna bilib-bilməyəcəyi məhz bu qərarla həll olunurdu. Babanın kitabını nəvənin transliterasiyasız oxuya bilməməyi də həmin qərarların məhsuludur və heç bir yazıçı bunu öz iradəsi ilə seçməyib.
Beləliklə, cəmiyyətin ən aşağı pilləsindən ən yuxarısına qədər hamının siyasətlə bir əlaqəsi, ən azı siyasi görüşü olur. Gündəlik məişətin dar çərçivəsində qalmayıb ictimai çəkisi olan, dövrünün mədəniyyətində söz sahibi olan dahini isə həm şəxsiyyəti, həm yaradıcılığı baxımından siyasətin təsirindən azad təsəvvür eləmək mümkün deyil.
Hər dövrdə ən ağıllı adamların bir hissəsi siyasəti özünə yaraşdırmayıb. Nəticədə meydan onu peşəyə çevirənlərə, yəni tez-tez ən hərisinə qalıb və sonradan həmin ağıllılar nəticədən şikayət ediblər. Bu şikayətin ünvanını həmişə səhv seçiblər. Burda meydanı boş qoyan adamın payı da hesaba daxil edilməlidir. Bohem həyat tərzi seçib özünü siyasətdən, hətta cəmiyyətdən təcrid edən yaradıcılar isə ayrıca söhbətdir. Onlar barəsində deməyə yalnız bir şey var ki, öz mövzularında fikir, qələm və ya fırça sahibidirlər. Bunun özü dahiliyə zəmanət vermir və əksinə, ehtimalı bir az da azaldır. Çünki yaratdıqları şey də yaradanın çərçivəsi qədər olur. Məhdud baxan məhdud yaradır, zehnin məhdudluğu isə şüurun ancaq müəyyən çərçivədəki həqiqətlərə açılmağı və daha böyük həqiqətlərə baxışın yetişməməyi deməkdir.
Bir az sərt çıxmış ola bilər, ona görə bir şeyi dəqiqləşdirmək lazımdır. Öz aləmində dərin olan çox adam var və dərinliyə etiraz etmirəm. Dərinlik başqa şeydir, genişlik başqa. Dahilik isə ikisini birlikdə tələb edir. Üstəlik, bohem sənətkar əsərini yazıb qurtarandan sonra onu dünyaya çıxaran əl onun əli deyil, qalereya sahibinin, nəşriyyatçının, və yaxud bir messenatın əlidir. O əlin hansı iradəyə tabe olduğunu soruşmaq da yaradıcının işi sayılmır. Beləcə, siyasətə arxa çevirən adam ən vacib siyasi qərarı, yəni əsərinin dünyaya kimin vasitəsilə çıxacağı qərarını başqasına tapşırmış olur.
Burda kimsə təbii olaraq soruşa bilər ki, rəngi, notu, sözü ən yüksək səviyyədə idarə edən adamdan bundan artığını niyə tələb etmək lazımdır ki? Ona görə ki belə adama “ustad” deyirlər, nə bilim, “virtuoz” deyirlər, amma “dahi” demirlər. Fərq burasındadır. Ustalığı da kiçik saymaq olmaz. Toyda mikrofonu götürüb on dəqiqənin içində evin sahibini, qohumları, hətta qonşu masaları qafiyəyə salan meyxanaçının işi texniki bacarığın ən yaxşı nümunələrindən biridir. Hərçənd ki bu bacarıq lokal və texniki xarakter daşıyır, dünyanı sistem kimi görməyə təminat vermir. Həmin meyxanaçıya bir də baxsan, mikrofon kimin əlindədirsə, qafiyənin də ona işlədiyini görürsən. Toyu verən vəzifəlidirsə, misralar vəzifəyə yaraşan tərəfə çıxır, zalda məmur varsa, ton dəyişir. Bunda pis niyyət axtarmaq lazım deyil, bu bir vərdişdir. Meyxanaçının günahı yoxdur, ustalığın təbiəti onsuz da bundadır. Texnika özü neytraldır, onu işlədən dəyişir. Usta isə öz dünyası ilə əlaqəsinin hansı hissəsində sifarişçinin tapşırığının dayandığını görməyə də bilər. Rəssamın rəngi, bəstəkarın notu, alimin tənliyi ilə də vəziyyət eynidir. Yəni tənliyi yazmaq bir işdir, o tənliyin hansı dünyaya düşəcəyini bilmək başqa iş. Alim üçün qayda daha sərtdir, hansı sualın maliyyələşdiriləcəyini, hansının rəfdə qalacağını laboratoriyanın pulunu verən idarə həll edir. Bu qərardan xəbərsiz işləyən alim ən yaxşı halda başqasının qoyduğu suala cavab axtarır.
Texnika neytral ola bilər, material isə siyasi yüklə gəlir. Yazıçının materialı olan sözlər tarixi yük daşıyır. “Xalq”, “vətən”, “ənənə”, “sülh” kimi sözləri işlədən adam bu sözlərin son əlli ildə kimin ağzında hansı işə yaradığını bilmirsə, sözlər onun yerinə danışır. Dahinin vəzifəsi isə daxili dünya ilə xarici reallıq, yəni siyasət, cəmiyyət və tarix arasındakı əlaqəni qurmaqdır. Həmin əlaqədən qaçan fəaliyyət ən yaxşı halda texniki tərəfləri hamıdan yaxşı bilən bir ustalıq, virtuozluq səviyyəsində qalır. Belə adam sahəsinin alətini mükəmməl idarə edir, amma dünyanı bütöv qavramağa çatmır. Siyasəti inkar edən alim də, sənətkar da nə qədər bacarıqlı olsa, şüurun universal mərhələsinə keçə bilmir və öz subyektivliyinin dar çərçivəsində qalır. Texnika neytral olanda onun məhsulu da asanlıqla əldən-ələ keçir. Söhbət artıq əsərin taleyinə gəlib çatır.
Əsər də sənətkarın bir övladı deyilmi? Dünyaya gətirmək işin başlanğıcıdır. Qapını açıb küçəyə buraxdığın uşağı ilk tapan götürüb öz işinə qoşacaq, sən istəsən də, istəməsən də. İdeya və ixtira üçün də vəziyyət eynidir, əsərini yaradıb başa vurandan sonra onun taleyi ilə maraqlanmayan adam onu ilk güclü əlin qoynuna atmış olur. Belə əsərlər qısa zamanda kənar qüvvələrin əlində istismar və sui-istifadə obyektinə çevrilir.
Uzağa niyə gedirik ki? Nitsşe ağlını itirəndən sonra əlyazmalarına bacısı Elizabet sahib çıxır. Elizabet antisemit bir adamın dul arvadı idi, Nitsşe isə həmin mühitdən illər əvvəl üz döndərmişdi. Arxivi o idarə elədi, qeydləri özü seçib sıraladı, “Hakimiyyət iradəsi” kitabının ortaya çıxmasında əsas rolu oynadı. Nitsşenin bu işdə heç bir günahı yox idi, çünki əlindən heç nə gəlmirdi. Amma nəticə dəyişmədi. 1934-də Hitlerin Veymardakı həmin arxivə gəlib Nitsşenin büstünün qarşısında şəkil çəkdirməyi bu zəncirin ən məşhur halqalarından biridir.
Sahibsizlik həmişə ölümdən sonra başlamır, müəllif sağ olanda da işləyir. Bu gün hər cümlə iki dəqiqəyə ekran şəklinə çevrilir, kontekstindən ayrılır, imzası ilə birlikdə dolaşır və müəllif ertəsi gün özünün demədiyi mənanı izah etməyə çalışır. Hər seçki mövsümündə bəstəkarın xəbəri olmadan mahnısı mitinqdə səslənir, o etiraz məktubu yazır, mitinqin sahibi isə səsgücləndiricini bir az da artırır. Məktub gec gəlir və çox vaxt da oxunmur.
Ölümdən sonra əsərin taleyini tez-tez vərəsələr həll eləyir və vərəsə əsəri oxumamış adam da ola bilər. Yazıçının oğlu ya nəvəsi arxivi sandıqda saxlayır, naşir gələndə qiymət soruşur, tədqiqatçı gələndə hansı məktubun açılmayacağını müəyyənləşdirir. Əsərin hansı üzünün qalacağı belə söhbətlərin içində həll olunur və onların heç birində yazıçının səsi eşidilmir.
İdrakın bütövlüyü yaradıcının öz əsərinin hansı siyasi və sosial manipulyasiyalara məruz qala biləcəyini öncədən görməsini də əhatə edir. Bu tələb bir az ağır ola bilər, çünki gələcəyi heç kim bilmir. Əslində tam bilmək də tələb olunmur, ağıl işlədib ehtimalları hesablamaq kifayətdir. Cümlənin hansı hissəsinin bir gün şüar kimi kəsilib götürülə biləcəyini, hansı fikrin bir tərəfin əlində silaha çevrilə biləcəyini yazan adam bilməlidir. Bunu özünçün sığortalaya bilərsən. Məsələn, fikri aydın demək bir yoldur. Dolaşıq yazanı hər tərəfə çəkirlər, aydın yazanı təhrif eləmək isə daha çətindir. Əlyazmanı etibar edilən adama tapşırmaq, taleyi barədə sağlığında yazılı göstəriş qoymaq da bu qəbildəndir. Şifahi vəsiyyət çox vaxt ölümdən sonra unudulur. Mandelştamın şeirləri onun həbsindən və ölümündən sonra əsasən ona görə qalıb ki, həyat yoldaşı Nadejda onları əzbərləyib, dostlar köçürüb gizlədib. Şeirlərin taleyinin bir neçə adamın yaddaşından asılı olmağı dəhşətlidir. Yenə də heç biri tam qoruma vermir. Kor təsadüflər və başqasının iradəsi hesablamanın xaricində qalır və ən parlaq zəka belə oyuncağa çevrilə bilir.
Dahinin kənarda dayanmaq hüququ var və bunu inkar etmirəm. Amma bu da bir mövqedir, deyirəm. Mövcud nizamın içində qalmaq, həmin nizamın qaydalarına razılıq verməkdir. Mövqeyini bilərək seçən adam istədiyi vaxt onu dəyişə bilər, bilmədən seçən adamın mövqeyini onun yerinə başqası müəyyənləşdirir. Məsələn, Pasternakın o gün telefonda seçdiyi cavab bu baxımdan maraqlıdır. Stalinin sualına düz cavab vermək də siyasi addım idi. “Ustaddır” desən Mandelştamın tərəfini tutmuş olursan, “ustad deyil” desən onu atırsan. Pasternak üçüncü yolu seçdi, söhbəti başqa mövzuya apardı. Üçüncü yol da cavabdır, sadəcə dəstəyin o başındakı adam onu cavab saymadı. Söhbət qısa olsa da, müzakirəsi onilliklərdir bitmir. Siyasət haqqında əvvəlcədən düşünməyən adam ona ən pis vaxtda, bir cümləlik zaman dilimində cavab verməli olur.
HÜSEYN XALİS
(may 2026, Bakı)