Jak-Lui David, "Sokratın ölümü" (La Mort de Socrate), 1787
Jak-Lui David, "Sokratın ölümü" (La Mort de Socrate), 1787
Bəşəriyyətin intellektual tarixi, mahiyyət etibarilə, insanın öz ontoloji qorxularını və təbiət qarşısındakı acizliyini ört-basdır etmək üçün uydurduğu fövqəltəbii konstruksiyaların toplusundan ibarətdir. Əsrlər boyu insan zəkası qeyri-adi qəhrəmanlar, möcüzəvi əfsanələr və mistik rəvayətlər icad edərək fiziki dünyanın soyuq reallığından qaçmaq üçün özünə xəyali sığınacaqlar qurmuşdur. Lakin XXI əsrin intellektual ucalığında dayanan, ayıq bir şüura sahib fərd üçün bu cür hekayələrə bel bağlamaq, varlığını mifoloji alt mətnlər üzərində inşa etmək ən yaxşı halda uşaqcasına bir sadəlövhlükdür.
Həqiqi dünya sarsılmaz, dəyişməz və fiziki təbiət qanunlarının mütləq hakimiyyəti altında olan bir məkandır. Bu reallıq çərçivəsində insanın "macəra" axtarışına çıxmağı öz vəzifələrindən qaçışın bədiiləşdirilmiş formasıdır. Çünki mövcud olmayan macəraların arxasınca qaçmaq real dünyadakı səbəb-nəticə əlaqələrinin doğurduğu məsuliyyəti dərk etməməkdir. Bizim qarşılaşdığımız hər bir hadisə, hər bir çətinlik rasionallığın süzgəcindən keçməli olan real bir sınaqdır. İnsanın ən böyük və yeganə mübarizəsi xəyali əjdahalarla və ya dumanlı canavarlarla yox, öz daxilindəki nəfsin nizamsızlığı ilədir.
Nəfsi ram etmək, onu tərbiyənin və intizamın dəmir qəliblərinə salmaq üçün fövqəltəbii qüvvələrin köməyinə ehtiyac yoxdur. İradənin təntənəsi fərdin öz daxili xaosunu idarə edə bilməsində təzahür edir. İnsanın özünü tanıması və iradəsini şüurlu şəkildə yönləndirməsi ona bəşər tarixinin bütün uydurulmuş "macəra"larından daha böyük bir vüqar qazandırır. Əfsanələrin mistikasına bürünərək həyat dərsi axtarmaq vaxt itkisindən başqa bir şey deyildir. Necə ki həmin nəsihətlər (düzgünlük, dürüstlük, nəfsə sahib çıxmaq və zamanın hər bir anını faydalı bir işə həsr etmək kimi təməl prinsiplər) min illərdir ki, həyat təcrübəsi olan müdriklər tərəfindən eşidilməkdə və eşitdirilməkdədir. Bu həqiqətləri anlamaq üçün insanın intellektual səviyyəsi kifayət etməlidir. Onlara çatmaq üçün fantastik elementlərin, mistik örtüklərin vasitəçiliyinə gərək yoxdur.
Diqqəti fantastik detallara, artıq və mənasız işlərə yönəltmək fərdi təkamülü ləngidən, onu real dünyadakı vəzifələrindən uzaqlaşdıran bir həlaka sürükləyir. İnsanın bu dünyadakı əsas qayəsi fiziki qanunların sərtliyi daxilində öz mənəvi saflığını qorumaq və nəfsinin quluna çevrilməməkdir. Bu hər hansı bir uydurulmuş qəhrəmanlıq dastanından daha çətin, daha ciddi və daha dərin bir prosesdir.
12 may 2026, Bakı