Kaspar David Fridrix, "Dəniz kənarında keşiş" (Der Mönch am Meer), 1808–1810
Kaspar David Fridrix, "Dəniz kənarında keşiş" (Der Mönch am Meer), 1808–1810
Bəşər tarixində nəsillər arasındakı münasibətlər hər zaman bir ixtilaf obyekti olsa da, müasir dövrün gətirdiyi informasiya diktaturası bu ixtilafı daha dərin bir uçuruma çevirmişdir. Xüsusilə, media leksikonunda "Zed nəsli" kimi xarakterizə edilən son dövrün gəncliyi ilə 70-80-ci illərin yetkin nümayəndələri arasındakı gizli gərginlik idrakın zamansızlığı ilə bağlı bir faciədir. 70-80-ci illərin insanlarında bizə qarşı müşahidə olunan yüngülcə təəssüflə qarışıq paxıllıq reallıqda onların 40-50 yaşında, böyük həyat təcrübəsi və itkilər bahasına dərk etdikləri mətləbləri bizim hələ 20-li yaşların astanasında əlçatan bir informasiya gücü ilə mənimsəməyimizdən qaynaqlanır. Lakin bu vəziyyət, zənn edildiyi kimi, bizim üçün bir üstünlük deyil, bəlkə də ruhi bir aşınmanın başlanğıcıdır.
70-80-ci illərin insanları hər iki tərəfin, həm mühafizəkar ata-baba nəslinin, həm də "bizi başa düşmürsüz" deyən radikal yenilikçi gəncliyin atəşinə tuş gələn bir ara nəsildir. Onlar həm "camaat nə deyər" qorxusunun kölgəsində böyüyüblər, həm də gələcəyin texnoloji dünyası tərəfindən uzaqlaşdırılıblar. Bu ağır və macəralı ömür hekayəsinin sonunda bizim bəzi mühüm məsələlərdə onlardan daha tez "oyandığımızı" görmək onlara bir növ haqsızlıq kimi gəlir. Lakin bu duyğuya təkcə "paxıllıq" deyib keçmək insafsızlıq olardı. Hüsnü-zənn ilə yanaşdıqda onların bizə acıdığını, bizim vaxtından əvvəl qazanılmış müştəbehliyimizin və demaqoqluğumuzun gətirəcəyi fəlakətləri uzaqdan, ən əsası isə bizdən qabaq gördüklərini fərz edə bilərik. Elə əsl fəlakət də buradadır.
Bu mənzərəyə "atalar və oğullar"ın faciəsi kimi də baxa bilərik, ancaq burdakı dramatik yük ataların çiyinlərinə daha çox düşür. Əgər onlar sonu bədbin bitən romanların öz şərəfi ilə ölən yaxşı personajlarının faciəsini yaşayırlarsa, biz xoşbəxt sonla bitən romanların həlaka uğrayan mənfi qəhrəmanlarıyıq. Biz xeyrin şər üzərində qələbə çaldığı dastanlarda məğlubiyyəti əvvəlcədən möhürlənmiş "şeytanlar"ın tərəfindəyik. Çünki biz həyatı yaşayaraq deyil, onun haqqında oxuyaraq, baxaraq və analiz edərək öyrənirik. Təcrübənin xalis ağrısını dadmadan, nəticələri öncədən bilməyin verdiyi ehtiyatlılıq içində çürüyürük.
Söz yox ki, hər yaşın özünəxas dərk edilməsi vacib olan mətləbləri vardır. Gəncliyin ən böyük imtiyazı səhv etmək, coşqu ilə yanılmaq və bu yanılmanın içində öz həqiqətini tapmaqdır. Lakin bugünkü dünya bizdən hər addımda ən ağıllı, ən rasional və ən ehtiyatlı yolu seçməyimizi tələb edir. İndi mənim hamıdan çox danışmalı olduğum, bəlkə də ən böyük səhvləri cəsarətlə ifadə etməli olduğum bir vaxtda mən ancaq "lazım olan vaxtda" danışıb "lazım olan vaxtda" susmağa məcburam. Həyatı kitablardan və kinolardan izləyərək "məni səhv başa düşərlər" və ya "bu söz məni pis vəziyyətə salar" qorxusuyla hürkü altında yaşamaq gəncliyin mahiyyətinə xəyanətdir. Əgər mən bu yaşımda, ömrün bahar çağında mərdimazar qorxusuyla öz həqiqətimi bilmirəmsə, bu cavan ürəyim nəyə gərəkdir? Sağ qalmaq uğrunda aparılan bu cansız mübarizə gənc bir ruha yox, qoca ehtiyatlılığına yaraşır. Bu baş, bu ürək indi ağramalıdır, indi sızlamalıdır. Əks halda, yaşanmamış bir gəncliyin ağırlığı qarşıdakı 40-50 ili mənasız bir yükə çevirəcəkdir.
Bugünün dünyası bizdən ayıq şüurlu, riskləri hesablayan, səmimiyyətdən qaçan bir nəsil olmağımızı tələb edərək bizi tədricən fəlakətə sürükləyir. Biz göz görə-görə deyil, ruhumuzu informasiya yığınları altında boğaraq məhv oluruq. Hətta bu səmimi etirafların özündə belə yazılmayan, keçilən nə qədər şey var. Səbəbi isə azərbaycanlılar üçün məlum olan qorxudur: "baş ağrısı istəməmək". Mərdimazara lənət oxumaq ömrünə qış oturanların vəzifəsidir. Bizim gəncliyimiz isə bu mərdimazarların gözünə dik baxmağı və lazım gələrsə, həmin mərdimazarlıq içində öz fərdi faciəsini yaşamağı tələb edirdi.
Lakin təəssüf ki, bizim ömrümüz də bu suallar kimi ritorik bitməyə məhkumdur. Biz heç vaxt nəyin və necə baş verdiyini tam olaraq dərk etməyəcəyik. Bir də gözümüzü açacağıq ki, artıq ölmüşük. Və sonra yenə, yenidən dirilmişik. Amma zamansız dərk edilmiş həqiqətlərin bizdən apardığı gənclik coşqusu bir daha geri dönməyəcək. Biz vaxtından əvvəl oyanmış, amma yuxunun dadını heç vaxt bilməyən bir nəslin təmsilçiləri olaraq tarixin yaddaşında qalacağıq. Həyatı anlamaq onun hər bir səhvini, hər bir yanlışını sümüklərinə qədər hiss etməkdir. Biz isə informasiyanın əlçatan gücü ilə bu hissiyyatı itirmişik. Bu artıq bizim uçurumumuzdur.
12 may 2026, Bakı