Rembrandt van Reyn, "Zəngin adamın məsəli" (De gelijkenis van de rijke dwaas), 1627
Rembrandt van Reyn, "Zəngin adamın məsəli" (De gelijkenis van de rijke dwaas), 1627
İnsan varlığının ən böyük dramı onun "qələbə" anlayışına yüklədiyi yanlış mənalarda gizlənir. Fərd özünün mənəvi imkanlarını, ruhi hüdudlarını kəşf etməyənə qədər istər sosioloji, istərsə də iqtisadi müstəvidə qazandığı heç bir uğuru həqiqi mənada qələbə adlandıra bilməz. Çünki qələbə öz mahiyyəti etibarilə ancaq mənəviyyata məxsus bir kateqoriyadır. Yüksəliş ancaq ruhun şaquli hərəkətidir. Bizim müasir dünyada "yüksəliş" kimi qəbul etdiyimiz bir çox maddi uğurlar mənəviyyatın müəyyən bir mərhələdə güzəştə getməsinin nəticəsidir.
Çünki maddi dünyanın pilləkənləri ilə yuxarı dırmaşmaq çox vaxt insanın öz daxili bütövlüyündən bir parça qoparıb verməsi bahasına başa gəlir. Hər hansı bir maddi yüksəlişin arxa planında isə əksər hallarda fərdin öz fundamental mənəvi prinsiplərindən, vicdanının səsindən və ya ən qiymətli xəzinəsi olan zamanından keçdiyi bir ticarət dayanır. Bu elə bir paradoksal vəziyyətdir ki, insan pilləkənləri dırmaşdıqca ruhundakı boşluğun daha da dərinləşdiyini hiss edir. Əgər ucaldıqca daxili aramlığın yerini vahiməli bir boşluq tutursa, deməli, həmin fərd əslində heç bir yerə qalxmayıb, o sadəcə öz həqiqətindən uzaqlaşıb.
Bütün yüksəlişlər kimi, bütün enişlər də mahiyyətcə mənəvidir. İnsanın bu dünyadakı mütləq qazancı da, sarsıdıcı itkisi də ancaq mənəviyyat müstəvisində baş verir. Maddi itkilər bərpa oluna bilən, gəldi-gedər bir ağırlıqdırsa, mənəviyyatdan verilən hər bir güzəşt ruhun arxitekturasında silinməz izlər buraxır. Biz qazandığımızı zənn elədiyimiz vaxtlarda əslində nələri itirdiyimizi anlamağa da ehtiyac duyuruq. İnsan nə itiribsə, onu ancaq mənəviyyatından itirmişdir.
12 may 2026, Bakı