Diego Velázquez, "Sevilyalı su satan" (El aguador de Sevilla), 1618–1622
Diego Velázquez, "Sevilyalı su satan" (El aguador de Sevilla), 1618–1622
Zehni fəaliyyətlə məşğul olan fərdin ən ali məziyyəti, şübhəsiz ki, onun qərəzsizliyidir. Bu qərəzsizlik elə bir xüsusiyyətdir ki, orda düşüncə özünü hər hansı süni iyerarxiyanın dustağı etmir. Həqiqi intellekt sahibi üçün Şekspirin sonetindəki metafizik kədər ilə Bakı kəndlərində bir meyxanaçının bədahətən dediyi misralardan hər hansı biri eyni ontoloji müstəvidə qərar tutur. İnsan zəkasının məhsulu olan hər bir ifadə forması, istər məhəlli, istərsə də universal bir fəlsəfi traktat olsun, analitik masanın üzərinə eyni ehtiram və eyni ciddiyyətlə qoyulmalıdır. İdrak predmeti mənşəyinə görə deyil, daşıdığı məna yükünə görə qiymətləndirdiyi andan etibarən azadlıq qazanır.
Təssüflə qeyd etmək lazımdır ki, bizim coğrafiyada mənzərə tamam fərqli, bir o qədər də acınacaqlıdır. Özlərini "intellektual" kimi təqdim etməyə çalışan bir çox simalar "aşağı" təbəqəyə aid etdikləri submədəniyyət nümunələrinə toxunmağı özləri üçün şan-şöhrət itkisi, bir növ nüfuz ləkəsi hesab edirlər. Onların təsəvvüründəki "mədəniyyət" ancaq xarici terminlərin kölgəsində sığınacaq tapan bir anlayışdır. Bir meyxana məclisindəki atmosferi və ya dağ kəndində bir çobanın dilindən süzülən hər hansı kəlamı görməzdən gəlmək bu "aydın" insanların daxili boşluğundan xəbər verir. Onlar elə zənn edirlər ki, kütlədən təcrid olunmaqla intellektual ucalığa çatırlar. Halbuki, həqiqi ucalıq hər bir detaldan mütləq həqiqətə gedən yolu tapa bilmək bacarığıdır.
Ümumiyyətlə, bizdə elita anlayışı öz həqiqi mənasından uzaqlaşaraq ancaq maliyyə və bürokratik güclə ölçülən bir kasta sisteminə çevrilmişdir. Bizim "elita" adlandırdığımız zümrə əksər hallarda mədəni bünövrədən məhrum, sadəcə iqtisadi imtiyazları ilə fərqlənən oliqarxik bir təbəqədir. Bu insanların ən böyük qorxusu sadəlikdir. Çünki sadəlik daxildəki natamamlıq komplekslərini, intellektual yoxsulluğu dərhal ifşa edir. Onlar məhz bu ifşadan qaçmaq üçün özlərini cəmiyyətdən süni hasarlarla ayırır, yalnız öz kastaları daxilində anlaşılan, mahiyyətcə boş və ruhsuz bir dil qururlar.
Mən Bakıətrafı kəndlərdə böyüdüyüm və fərdi təkamülümün böyük bir hissəsi bu yerlərə aid olduğu üçün doğulub boya-başa çatdığım qəsəbə mühiti bəlkə də kənardan baxan bir "akademik" üçün elmdən və fəlsəfədən uzaq görünə bilər. Lakin mən həmin mühiti, o insanların həyat tərzini və dünyagörüşünü öz bilik xəzinəmin ən qiymətli cəvahiratı kimi dəyərləndirirəm. Uşaqlıq və gənclik illərimdə qazandığım təəssüratlar mənim üçün hər hansı bir ensiklopedik məlumatdan daha dərindir. Kiminsə bu keçmişi "yaddaşın yaralı tərəfi" kimi görməsi mənim üçün zərrə qədər əhəmiyyət kəsb etmir. Əksinə, mən həmin xatirələri təxəyyülümdə həmişə ən ali fəlsəfi suallarla qarşılaşdırıram.
Məsələn, zehni müstəvidə Kantın transsendental estetikası ilə bir quşbazın öz quşlarına olan intuitiv bağlılığı arasında mahiyyət etibarilə bir uçurum yoxdur. Hər ikisi insan ruhunun fərqli təzahür formalarıdır. Şekspirin tragizmini bir meyxanaçının bədahətən dediyi "qafiyə"də tuta bilməyən kəs əslində sənətin nə olduğunu hələ dərk etməyib. Əsl intellektual fərasət ondadır ki, sən məhəllədəki adi bir şayiənin, sıradan bir söhbətin altındakı sosioloji qatları görə biləsən. Hadisələri zehni müstəviyə yatırıb orada analiz edə bilməyən, hər şeyi səthi və "prestij" prizmasından dəyərləndirən baxış tərzi mənə görə kütlüyün ən ağır formasıdır.
Unutmaq olmaz ki, bəşəriyyətin yaratdığı mədəni irs bir bütündür və mən bu bütövlüyü parçalamağa çalışan hər növ süni elitarizmə qarşı öz qələmimlə durmağı bir borc bilirəm.
12 may 2026, Bakı