Thomas Cole, "Cənnətdən qovulma" (Expulsion from the Garden of Eden), 1828
Thomas Cole, "Cənnətdən qovulma" (Expulsion from the Garden of Eden), 1828
“....but this socialism, this communism, would only work in
Heaven where they don’t need it, or in Hell where they have it already.”
(Stephen Leacock)
Yaxşı deyir. Hər nə qədər zarafatla deyilsə də, içində sadə bir məntiq var. Bərabərlik ancaq elə yerdə öz-özünə işləyir ki, orda onu işlətməyə ehtiyac qalmayıb. Ehtiyac yarananda isə ya işləmir, ya da zorla işlədilir.
Cənnətdə bunun şərtləri hazırdır. Orda qıtlıq yoxdur, hərislik yoxdur, kimsə kiminsə payına göz dikmir. Quran cənnət əhlinin sinəsindəki kinin çıxarıldığını xüsusi qeyd edir, yəni bölgünü problemə çevirən şey bölgüdən əvvəl götürülür. Yer üzündə isə vəziyyət tərsinədir. İnsan hərisdir, nəfsinin istəklərinə məhkumdur və belə bir yerdə ali bərabərlikdən dəm vurmaq ağıl işi deyil. Cənnəti dünyaya endirmək mümkün deyil.
Sosializmin cazibəsini ucuz saymaq düzgün olmazdı. Fəhlənin gündə on dörd saat işləyib yenə də ac yatdığı bir dövrdə bərabərlik tələbi mənəvi qəzəbin dili idi və o qəzəbin özü haqlı idi. Sadəcə səhv qəzəbdə yox, ona verilən cavabdadır. Amma bərabərlik tələblərinin hamısı ədalətsizlikdən də doğmur. Bir qismi qonşunun payına baxmaqdan yaranır və bu hissin adına “həsəd” deyirlər. Həsəd isə heç bir bölgü ilə sönmür. Hər yeni bərabərləşdirmədən sonra göz yenə ən yaxın fərqi tapır.
Burda gəlirləri vergi yolu ilə bir qədər düzəltmək, pensiya və tibbi sığorta sistemi qurmaq kimi hər cəmiyyətin gördüyü praktik işlərdən söhbət getmir. Söhbət bərabərliyi dünyanın təşkiledici prinsipinə çevirən, qeyri-bərabərliyi isə düzəldilməli xəta sayan ideologiyadan gedir. Mən bu ideologiyanı ciddi dünya modeli kimi qəbul eləmirəm.
Bunun əsasını qoyan Marks özü də məsələni cənnət şərtlərindən kənarda həll eləyə bilməyib. Qota proqramına yazdığı qeydlərdə yeni cəmiyyətin ilk mərhələsində hamıya əməyinə görə pay verilməyini təsvir edir və dərhal etiraf eləyir ki, belə bərabər ölçü insanların qabiliyyətini də, ailə vəziyyətini də nəzərə almır, nəticədə bərabərsizlik yenə yaranır. “Hamıya ehtiyacına görə” prinsipinə keçid isə ancaq bolluq yetişəndən sonra, sərvət bulaqları daşandan sonra mümkün sayılır. Deməli, sosializmin banisi də tam bərabərliyi qıtlığın bitdiyi bir gələcəyə yazıb. Mən buna fabrik tüstüsü ilə bəzədilmiş cənnət vədi deyirəm. Ünvanı dəyişiblər, şərt isə eyni qalıb. Hər şey bol olsun ki, heç kim heç kimin payına baxmasın.
İslam isə cənnətin işini cənnətə buraxıb dünya üçün daha dar, amma yaşaya bilən bir bərabərlik təklif edir.
Fitrətən bütün insanlar qardaş və bacıdırlar. Bu, İslamın sözüdür və sözün hüdudu da bəllidir. Burda bərabərlik hüquqidir. Qanun və əxlaq qarşısında bərabər məsuliyyətdən söhbət gedir. Zəngin də, kasıb da, ərəb də, qeyri-ərəb də eyni ölçü ilə ölçülür. Üstünlük ancaq təqvadadır, yəni imandadır. Hucurat surəsindəki ayədə dəqiq deyilir ki, “insanlar xalqlara və qəbilələrə ona görə ayrılıb ki, bir-birini tanısın, Allah yanında isə ən dəyərli olan ən təqvalı olandır”.
Namaz səfində vəzirlə fəhlə çiyin-çiyinə dayanır, həcc libasında kimin kim olduğu geyimdən bilinmir. Bu, ləyaqət bərabərliyidir və zənginliyə, soya, rəngə bağlı deyil. Nəticə bərabərliyi isə ayrı məsələdir və İslam onu dünya üçün nə vəd edib, nə də tələb eləmir.
Faktiki-formal üstünlüklər bu dünyanın təbiətinə xasdır və İslam onların üzərində çox dayanmır. Dayanmır, çünki onları ləğv eləməyi qarşısına məqsəd qoymayıb. Amma bu, fərqlərə laqeydlik də demək deyil. Zəkat, sədəqə, faizin haram sayılmağı, mirasın bir nəfərə yox, çoxlu qohuma bölünməsi, hamısı sərvətin bir əldə yığılmağına qarşı qoyulmuş qaydalardır. Məsələn, bir ayədə bölgü qaydaları sadalanarkən, səbəb kimi göstərilir ki, “mal ancaq zənginlər arasında dövr eləməsin”. Bu qaydalar fərqi sadəcə yumşaldır, amma bütünlüklə ləğv eləmir və ləğv eləmək iddiasında da deyil. Onların hamısı öhdəlik dilində yazılıb. Verənin öhdəliyi, alanın haqqı, hər ikisinin hesabı. İslamın hədəfində qeyri-bərabərlik yox, haqsızlıq durur. Sosializm bu ikisini eyni sayır və fərqi aradan qaldırmaqla zülmü də aradan qaldıracağını zənn edir. Halbuki bir adam halal yolla çoxala bilər, başqası isə hamıya eyni pay düşən mühitdə də zülm görə bilər.
Hədislərdən birində qiyamət günü bəndənin cavab verəcəyi suallar sadalanır və mal-dövlət bu siyahıda iki dəfə keçir. Birincisi, hardan qazandın, ikincisi, harda xərclədin. Çoxa sahib olanın haqq-hesabı da çox olur.
Yəni əvvəlcədən qəbul olunur ki, insanlara eyni qədər verilməyib. Soruşulacaq biri var, çünki ona nəsə verilib, verilənlər isə fərqlidir. Bunun adı imtahandır. İmtahan dialektikası buna deyirik.
Təkcə imtahanın varlığı özü müxtəlif şəraitlərin və fərqliliklərin varlığını tələb edir. Ənam surəsində deyir ki, insan yer üzünün xəlifəsi edilib, bir qismi digərindən dərəcə-dərəcə yüksəldilib ki, verilənlərlə sınansın. Ayə dərəcə fərqlərini imtahanın zəmini sayır.
Bunu primitiv məntiqlə də yoxlamaq olar. Comərdlik üçün artıq mal, səbr üçün çətinlik, şükür üçün nemət, mərhəmət üçün möhtac lazımdır. Hamının əli eyni qədər dolu olan dünyada bu sözlərin işləyəcəyi yer qalmır. Onlarla birlikdə həmin sözlərin tərbiyə elədiyi insan da qalmır. Çünki kimin qarşısında səbirli olacaq, kimə verəcək, nəyə şükür edəcək? Mükəmməl bölünmüş dünyada əxlaqın işləyəcəyi sahə yoxdur.
Bu məntiqdən yoxsulluğa göz yummaq üçün bəhanə düzəldənlər də çıxır. Halbuki imtahan iki tərəflidir. Kasıb səbrlə, varlı da əli ilə yoxlanır. Qapısını döyənin üzünə qapanan adam fərqin təbii olmağına sığına bilməz, məsələn. Onun imtahanı da məhz o qapıda başlayır.
Bu imtahan meydanına ilk insan da başqa yerdən gəlmişdi. Adəmin hekayəsinə burdan baxmaq lazımdır. Əgər sosializmin iddia elədiyi kimi bərabərliyin qurulmağına ehtiyac olsaydı, Adəm cənnətdən yerə göndərilməzdi. Orda hər şey hazır idi, Adəmi orda saxlamaq da kifayət edərdi.
Enmə hekayəsini, ümumiyyətlə, çox vaxt cəza kimi təfsir edirlər, amma məsələ məncə daha başqadır. Quran yer üzü üçün xəlifə yaradılacağını Adəm cənnətə yerləşdirilməzdən əvvəl elan edir. Deməli, yer üzü qadağan olunmuş ağacdan yeyən Adəmin sürgün olunduğu təsadüfi mənzil deyil, əvvəldən nəzərdə tutulmuş bir sahə idi. Adəmə və həyat yoldaşına deyilən söz də açıqdır ki, yer üzündə müəyyən vaxta qədər qalacaq və faydalanacaqsınız, bir qisminiz digərinə düşmən olacaq. Müvəqqəti məskəndə daimi saray tikmək kirayəçinin işi deyil. Divarı rəngləyərsən, damı yoxlayarsan, nasazlığı düzəldərsən, amma əsl evin başqa ünvandadır.
Adəmə dünyanı cənnətə çevirmək də tapşırılmayıb. Ona xəlifəlik verilib. Əmanət, məsuliyyət, hesab üstündə qurulan bir xəlifəlikdən söhbət gedir. Tapşırılsaydı belə, iş alınmazdı. Əvvəla, bunu eləmək üçün sənin qabağını zaman kəsir.
Zamanı saniyələrə, dəqiqələrə bölüb danışmağa da ehtiyac yoxdur, hərəkətin özünü götürmək bəs edir. Hərəkətin olduğu bir yerdə əbədiyyətdən söz açmaq mənasızdır. Hərəkətin olduğu yerdə dəyişiklik, dəyişikliyin olduğu yerdə isə fərqlilik və qeyri-bərabərlik qaçılmazdır.
Təsəvvür eləyək ki, bir səhər gözümüzü açırıq, görürük ki, hər şey bərabər bölünüb. Hər ailəyə eyni ev, eyni torpaq, eyni məbləğ verilib. Günortaya qədər biri payını işə salır, digəri toy eləyir, üçüncü xəstəxanaya düşür, dördüncünün bağına dolu düşür, beşinci sərfəli bir müqavilə bağlayır. Axşam düşəndə artıq paylar eyni deyil, bir ay sonra da bir-birinə oxşamır. Üstəlik, evi, torpağı, pulu bölə bilərsən, amma zəkanı, səbri, sağlamlığı, şansı bölmək olmaz. Zaman axdıqca imkanlar, qabiliyyətlər və seçimlərin nəticələri hər an yenidən paylanır, bu paylanma özü-özünə gedir. Onu dayandırmaq isə hər an müdaxilə tələb edir.
Müdaxilə edən isə kimdir? Birindən alıb digərinə verəcək, hər gün “dayan” deyəcək bir nəzarətçi. Sovet təcrübəsində bu nəzarətçi nomenklatura adı ilə meydana çıxmışdı. Mağazaları bağlamışdılar, xüsusi sanatoriyalar var idi və sair. Bərabərlik adı ilə qurulan quruluş özünə ən sərt iyerarxiyalardan birini yaratmışdı və maraqlı olan nədir? Bunu illərlə inkar etmişdi.
Odur ki, müdaxilə mal-mülklə dayanmır, çünki fərqin əsl mənbəyi mal deyil, qabiliyyətdir. Dostoyevski “Cinlər”də Verxovenski timsalında göstərirdi ki, bərabərliyə çatmaq üçün əvvəlcə yüksək qabiliyyətləri aşağı çəkmək lazımdır, Siseronun dili kəsilməli, Kopernikin gözləri çıxarılmalı, Şekspir daşqalaq edilməlidir. Romanda bunu çılğın bir adam danışır, amma məntiqən çox ardıcıl və dəqiqdir. Qabiliyyət fərq yaradır, fərq isə bərabərliyin düşmənidir.
Hərəkəti dayandırmaq dünya şəraitində mümkün deyil. Hərəkətin yerini əbədiyyətin tutduğu məkan isə bəllidir. Əbədi bərabərlik ancaq orda mümkündür. Amma bunu da dəqiqləşdirmək lazımdır, çünki ordakı bərabərlik sözü də çox vaxt səhv başa düşülür.
Cənnətdə də fərq yoxdumu? Ənənəvi yanaşma cənnətin dərəcələrindən danışır. Hədislərə görə iki dərəcə arasındakı məsafə yerlə göy arasındakı qədərdir. Ali bərabərlik dedikdə hamının eyni mənzildə yaşadığını təsəvvür etmək yanlış olardı. Orda, əlbəttə, fərq var, sadəcə ağrı yoxdur. Çünki fərqin özündən ağrı çıxaran şey hərislikdir, hərislik sinələrdən götürüləndə isə fərq özü artıq heç kimə toxunmur.
HÜSEYN XALİS
(may 2026, Bakı)