Diego Velázquez, "Sevilyalı su satan" (El aguador de Sevilla), 1622
Diego Velázquez, "Sevilyalı su satan" (El aguador de Sevilla), 1622
Hər həyətdə bir skamya olur, o skamyada da on ildir eyni kişilər domino oynayır. Onların yanından hər gün bir nəfər keçir. Əlində kitab, beynində də cürbəcür filosof adları. Sartrı Kamyudan, Delözü Fukodan ayırmaq ona çətin deyil, kimin hansı illərdə nə yazdığını da bilir. Skamyadakılara ötəri baş əyib keçir, çünki onlarla danışmağa mövzu tapmır. Halbuki mövzu çoxdur. Dominonun şaqqıltısı arasında deyilən bir cümlə, məsələn, qonşunun oğlu haqqında “oxuyub adam olacaq, amma əlini soyuq sudan isti suya vuran deyil”, bir ailənin gələcəyi, bir məhəllənin zəhmətə və təhsilə baxışı, hətta cümləni deyən kişinin öz keçmişinə münasibəti barədə eyni anda xəbər verir. Keçib gedən adam bunu ya eşitmir, ya da eşidib “məişət söhbəti” qrafasına tullayır.
Bu tipi hamı tanıyır. Ona nadan demək olmaz, çünki oxuyub və çox şey bilir. Gərçi Nitşeni, Kamyunu oxuyanların bir qismi kitabı oxumaqdan çox masanın üstündə açıq saxlamaqla maraqlanır, amma gəlin bunu da qəbahət saymayaq. Mənə görə, onun dərdi biliyin azlığı ilə bağlı deyil, hansı biliyə dəyər verəcəyini özü müəyyən etməməyi ilə bağlıdır. Rəfindəki kitabları kim seçib, onların ardıcıllığını kim qurub, hansı sətirdən yaxşı başlayır, hansı sətirdə bitir, bunları o özü həll eləməyib. Hazır alıb. Hazır alınan şeyin üstündə də qürur tez böyüyür.
Bir növ alış-veriş.. Yox.. Alış-veriş sözü də bunu tam ifadə eləmir. Daha dəqiqi kirayədir. Adam öz idrakının mərtəbələrini başqasına verir və yadından çıxır ki, özü ev yiyəsidir. Bu proses çox vaxt heç özü də hiss eləmir. Adam elə bilir ki, özü sərbəst, azad, müstəqil düşüncə sahibidir, çünki faktiki olaraq heç kim ona qadağa qoymayıb, heç bir kitabı oxumağa mane olmayıb. Qadağa lazım da olmur. Hansı kitabın ciddi, hansı musiqinin sənət, hansı sözün müdrik, hansının küçə söhbəti sayılacağına onsuz da çoxdan başqaları qərar verib. Adamın işi isə bu qərarları irs kimi qəbul eləməkdir. Bir müddət sonra beynində senzura yaradır və qarşısına çıxan hər şeyə baxıb deyir ki, buna vaxt itirməyə dəyməz.
Bunun gündəlik əlaməti qulaqcıqdır. Çoxumuzun telefonunda həmişə iki pleylist olur. Birini təkbaşına, qulaqlıqca dinləyirik, o birini adam içində yüksək səslə qoyuruq. Birincisi bizim zövqümüzdüsə, ikincisi zövqümüz haqqında təqdim elədiyimiz sənəddir. Məlumatsızlıq bu senzuradan qat-qat az təhlükəlidir. Məlumatsızlıq, yenə, düzələn şeydir. Oxuyursan, qulaq asırsan, bilmədiyini etiraf eləyirsən, məsələ yavaş-yavaş yerinə oturur. Senzura isə düzəlmir, çünki sahibi onu artıq öz zövqü hesab eləyir.
Kant “Maarifçilik nədir?” yazısında bu mexanizmi dəqiq göstərir. Onun fikrincə, adamın yetkinliyə çatmamış qalmağının səbəbi cəsarətsizlik və tənbəllikdir. Mənim əvəzimə kitab başa düşür, ruhani vicdan saxlayır, həkim pəhriz müəyyən eləyir, ona görə də düşünməyə ehtiyac qalmır. Qəyyumlar da buna ancaq sevinir. İndi Kantın adını bayraq kimi gəzdirənlərə baxanda ironiya burasındadır ki, onun yeganə tövsiyəsini, yəni öz anlayışından istifadə eləməyi ən az sınayanlar məhz onlardır.
Qəyyumluğun gündəlik forması isə çox sadə bir sualda görünür. Yeni bir cümlə ilə qarşılaşan adamın içində həmişə iki sual yarışır: “bu nə deyir?” və “bunu kim deyib?”. Qəyyumun yetişdirdiyi adam ikincini birincidən əvvəl soruşur və münasibətini cavaba görə qurur. Şekspir deyibsə, cümlə dərin sayılır, adını eşitmədiyi meyxanaçı deyibsə, əyləncədir və yaxud, bayağıdır. Eyni cümləni iki vərəqə yaz, birinin altına bir klassikin, o birinin altına “qonşu Əli kişi”nin adını qoy. Birinci vərəqin qarşısında adamlar başlarını yırğalayacaq, ikincisini gülümsəyib ötürəcək. Cümlə eynidir, sadəcə pasportu dəyişir. Amma düşüncənin belə bir məziyyəti var ki, hansı ölkənin, hansı təbəqənin, hansı məktəbin məhsulu olduğunu üzərində daşımır. Onu mənası ilə qəbul eləmək və ya rədd eləmək mümkündür. Əbəs yerə deməzlər ki, kimin dediyinə yox, nə dediyinə bax. Fikirlərin pasportunu ləğv eləyəndə onları rəfinə yığan adamın öz pasportu da dəyərini itirir. Oxuduğu adların siyahısı ilə statusunu qoruyan adam üçün bu, ağır başa gəlir. Nəticə estetika çərçivəsindən kənara çıxır. Nüfuzlu adın arxasınca getmək üçün düşünmək lazımdır deyə belə adamı idarə eləmək də asandır. Reklam bunu bilir, siyasi çıxışlar bunu bilir. Sosial mediada hər gün uydurma cümlələr Dostoyevskinin adı ilə dolaşır, çünki adın altında cümlə daha çox dayanır. Sadəcə düzgün imzanı qoy, qalanını oxuyan özü tamamlayacaq.
Mən pasportların nə qədər boş şeylər olmağını təsadüfən öyrənmişdim. Şekspirin sonetlərindən birində zamanın insanı necə yeyib bitirdiyi barədə bir misra oxumuşdum. Sonra yaşadığım yerin qonşu kəndlərindən birində bir palatka toyunda bir meyxanaçının bədahətən dediyi kupletdə həmin hissi yenidən yaşadım. Baxdım ki, ikisinin də altında eyni məsələ yatır: insanın faniliyi və zamanın ona aman verməməyi. Fərq ancaq saxlanma yerində idi. Birini qızıl çərçivəyə salıb əsrlərlə qoruyub saxlamışdılar, o biri yüksək sintezator səsinin altında, qəlyan tüstüsünün içində deyilib havaya qarışmışdı. Bunda qəribə heç nə yoxdur. Çoban da, taksi sürücüsü də, bazar alverçisi də, universitet professoru da günün sonunda eyni suallarla başlarını yastığa qoyurlar. Sevmək nədir, itirmək nədir, ölümdən sonra nə var və sair. Kant bu sualları öz terminologiyası ilə ifadə edirsə, kəndli qoca da başqa dillə, başqa ləhcəylə ifadə eləyir.
Şekspirin özünə gəlincə.. Şekspir onsuz da qızıl çərçivə üçün yazmayıb. Qlobus teatrında bir pens verib meydançada ayaq üstə dayanan tamaşaçı üçün yazıb və həmin tamaşaçının dilini, ədəbsiz zarafatlarını pyeslərinə daxil etməkdən belə çəkinməyib. “Ali mədəniyyət” rəfinə də onu ölümündən çox sonra qaldırıblar. Elə bizim coğrafiyada da eyni hekayə təkrarlanıb. Sabirin şeirləri bazarda danışıldığı dildə yazılıb, amma indi məktəbdə əzbər öyrədilir. Deməli, “yuxarı” ilə “aşağı” arasındakı xətt çox vaxt iş bitəndən sonra çəkilir və çəkənlər də adətən işin özü ilə maraqlanmayan adamlar olur. Xətti çəkənin adını da soruşan olmur. Hansısa universitet, tənqidçi, qəzet və yaxud özünü mədəniyyətin keşikçisi sayan çevrə bir tərəfə “böyük əsərləri”, o biri tərəfə “xalq yaradıcılığını” yazır, ortadan da bir xətt çəkir. Xəttin dəqiq harda keçdiyini heç kim izah eləmir, amma hamı ona inanmağa başlayır. Üstəlik xətt yerində də dayanmır. Dünən qalmaqal sayılan sənət bu gün klassikdir, dünən küçə dili hesab olunan ifadə sabah ədəbiyyatın içindədir. Zövqlər dəyişir, qurumlar dəyişir, nüfuz mərkəzləri dəyişir, “bunun səviyyəsi yoxdur” demək həvəsi isə həmişə yerində qalır.
Bunun dərsini bizə ilk dəfə məktəbdə verirlər. Uşağa Vaqifin qoşması izah olunur, hər misranın şərhi yazdırılır, bir şeirdən bütöv bir ay çıxarılır. Dərsdən çıxıb qulağına dolan, bütün sinfin əzbər bildiyi mahnının sözlərinin nə dediyini isə soruşan olmur. Uşaq burdan belə nəticə çıxarır ki, düşünməyə ancaq dərsliyin içindəkilər layiqdir, qalanı sadəcə fonda gedən səs-küydür.
“Səviyyə” rahat sözdür. Onunla başa düşmədiyini etiraf eləmək məcburiyyəti aradan qalxır. “Mən belə şeylərə baxmıram” deyirsən, söhbət bağlanır, özün haqqında təsəvvürün də salamat qalır. Meyxananı dinləməyən adamın ondan heç nə başa düşməməyi də normaldır. Başa düşmədən hökm çıxarmağı isə normal deyil. Eyni şey kənd toyunda çalınan musiqiyə, bazar dilinə, çayxana zarafatına, illərdir ciddi sayılmayan xalq ifadələrinə də aiddir. Kimsə meyxananı doğrudan sevməyə bilər və bunda mübahisə yoxdur. Sadəcə digər qismi onu sevənlərlə eyni masada görünmək istəmir. Ona görə nifrət edir. Zövqlər də əvvəlcə nifrətdən başlayır. Adam nəyi bəyəndiyindən çox, kimin zövqünə dözə bilmədiyi ilə tanınır. Yəni ki söhbət “bu yaxşıdır, yoxsa pis?” sualından çıxıb “bunu sevənlər kimdir?” sualına keçəndə zövq şəxsiyyətin hissəsinə, sonra isə sinfin nişanəsinə çevrilir. Fransızca söz işlətmək, üç-beş klassikin adını çəkmək, müəyyən musiqiləri “kütləvi”, müəyyən yeməkləri “zövqsüz” adlandırmaq, müəyyən insanlarla eyni məkanda görünməmək, bunların hamısı sosial sərhəd çəkməyin üsullarıdır. Guya bunlar "elita"dır.
Ümumiyyətlə, bizim coğrafiyada “elita” mədəni bünövrədən çox maliyyə və vəzifə resursu ilə ölçülən zümrədir. Kobud dillə desək, kimin pulu çoxdursa, o daha elitdir. Heç buna elit də demək olmaz. Bunun əsl adı oliqarxiyadır. Oliqarxiyanın ən çox qorxduğu şey isə sadəlikdir, çünki sadə danışan adam həmişə özündəki boşluğu, bayağılığı ələ verir. Bunun əlacı hasar çəkməkdir. Ancaq öz daxilində başa düşülən, məzmunu az, tonu yüksək bir dil qurmaq. Kəndli bir qocanın “dünya adamı yeyib bitirir, oğul” cümləsini oliqarxın dilinə “subyektin zamana xas sonluluq qarşısındakı ontoloji təlaşı” kimi tərcümə eləmək mümkündür, məsələn. İkinci variant artıq elmi işə düşür, birincini isə heç kim qeydə almır. Meyxana məclisini, dağ kəndində çobanın dilindən çıxan sözü, çayxana söhbətini görməməzliyə vurmaq da həmin hasarın tikintisinə daxildir. Mən hasarın o biri tərəfində böyümüşəm deyə orda nə var, nə yoxdur, yaxşı bilirəm. Məsələn, qəsəbədə heç kim səhər yuxudan durub “bu gün sosioloji müşahidə aparacağam” deyə küçəyə çıxmır. Adamlar öz işindədir. Biri həyətində quş saxlayır, biri maşınını gecə-gündüz təmir eləyir, biri qonşunun nə elədiyini hamıdan yaxşı bilir, biri bazarda bir cümlə ilə adamın bütün xasiyyətini açıb qoyur ortaya. Birinin söhbəti kobuddur, amma müşahidəsi itidir. Biri ağıllıdır, amma savadsızdır. Birinin diplomu var, amma dünyadan xəbəri yoxdur. Uşaqlıqda bunların hamısı mənimçün sadəcə həyat idi. Sonradan oxuduqca aydın oldu ki, həmin həyatın ayrıca bir nəzəriyyəsi var imiş.
Qəsəbə bazarında ət satan Sahib kişi alıcıya baxıb onun cibində nə qədər pul olduğunu, hansı sözdən incik düşəcəyini, qiymət deyiləndə üzünün necə dəyişəcəyini bilir. Heç bir psixologiya kursu keçməyib, amma qiymət söhbətində nə baş verdiyini kurs keçənlərdən yaxşı anlayır. Bir kişinin həyat yoldaşına necə müraciət elədiyi, çörək növbəsində özündən zəif adamın qabağına keçib-keçmədiyi, toyda kasıb qohumunu hansı masaya oturtduğu, tanımadığı birinə küçədə hansı səslə cavab verdiyi, bunların hər birində sinif, hakimiyyət, utanc, kişilik, qorxu və tərbiyə haqqında yüz səhifəlik mətndən çox material var.
İnsan nəzəriyyəni bilmədən də nəzəriyyə yaşaya bilər. Çoban öz münasibətini “ekzistensializm” adlandırmaz, amma ölüm haqqında elə cümlə deyər ki, filosof onu iyirmi səhifəyə yaymağa məcbur olar. Quşbaz özünün quşlarına bağlılığına “ontoloji münasibət” deməz, amma illərlə bir quşun davranışına baxıb onun qorxusunu, vərdişini, səsini tanıyırsa, canlı ilə insan arasındakı əlaqə barədə kifayət qədər ciddi biliyə sahibdir.
Borxes ömrünün böyük hissəsini kitabxanada keçirib, amma məşhur hekayələrinin bir neçəsini Buenos-Ayresin kənar məhəllələrində bıçaqla hesablaşan kişilərin söhbətindən çıxarıb. Küçəyə enməkdən çəkinməyən kitabxana adamları da var yəni. Çəkinənlər isə çox vaxt kitabxanaya da yarımçıq girənlərdir.
Burda bir ehtiyat qeydi də lazımdır ki, qəsəbə ziyarətgaha çevrilməsin. Hər savadsız adam gizli filosof, hər meyxanaçı da gizli Şekspir deyil. Belə düşünən də snobdur, sadəcə bayrağı tərsinə tutub. Birinin yuxarıdan baxdığı yerdə o, aşağıdan baxıb alqış yağdırır. İkisi də sərhəd postunda dayanıb, fərq yalnız növbətçinin hansı tərəfdə oturmağındadır. Mənim tələbim çox sadədir. Qiymət verməzdən əvvəl baxmaq lazımdır. Meyxana misrasında heç nə yoxdusa, heç nə yoxdur. Orda nəsə varsa, onun meyxanada olmağı həmin şeyi yox eləmir. Pasport rejimi iki istiqamətdə işləyir. Rayon məktəbindən çıxıb Kantı açıb oxuyan gənc çox vaxt “bu mənim üçün deyil” hissi ilə kitabı bağlayır, paytaxtda böyümüş adam isə eyni hissi meyxana ilə qarşılaşanda keçirir. İkisi də qapıda dayanıb, çünki içəri girmək üçün özlərində yazılı icazə axtarırlar. Halbuki giriş pulsuzdur. Kitabı açmaq və ya sadəcə qulaq asmaq kifayətdir.
Qayda Kant üçün də eynidir. Kantın adını çəkmək fikri dərinləşdirmir, hansı ki, onu oxuyub heç nə anlamamaq da mümkündür. Filosofun adını yerli-yersiz çəkməklə də onun yanında dayanmış olmursan, çox vaxt söhbətin səviyyəsini qaldırmaq əvəzinə öz səviyyəni göstərirsən. Kitab oxumaq da adamı avtomatik ağıllı eləmir, daha məlumatlı snob edə bilər. Ona görə oxuduqlarının baxışını nə qədər dəyişməyi mühümdür. Dəyişmirsə, rəfdəki kitablar sadəcə evində yer tutur.
Mənə görə intellektual müstəqilliyin sınağı lazım gələndə Kanta “yox” demək və məhəllədə eşitdiyin cümləyə “burda nəsə var” deməkdir. İkincisi daha çətindir. Kantı tənqid eləyəndə ciddi mövzu ilə məşğul olan adam obrazını qoruyursan. Küçədə deyilən sözün içindən fikir çıxaranda isə o obrazı riskə atırsan, çünki ciddi saydığın sərhədlər qarışır. Bu risk ən çox meyxanada hiss olunur, çünki ora yaxınlaşmaq prestij baxımından bir az bahalı addımdır.
Meyxanaya “qafiyəli zarafat” deyib ötmək rahatdır. Yaxşı meyxanaçının işinə yaxından baxanda orda ciddi bacarıqlar görünür amma. Sözü qəfildən qurmaq, qarşı tərəfin psixologiyasını saniyələr içində oxumaq, ritmi saxlayaraq fikir yaratmaq, məişət müşahidəsini qafiyəyə çevirmək. Bunların hamısını o, mikrofonla, tamaşaçı qarşısında, düzəliş imkanı olmadan edir. Yazıçı bir sətri üç dəfə pozur, meyxanaçı isə ilk variantını camaatın üzünə deyir. Meyxananın çoxu bu səviyyəyə çatmır və bunu etiraf etmək hörmətsizlik sayılmamalıdır. Çatanları da “aşağı mədəniyyət” adı ilə bir kisəyə doldurmaq isə intellektual tənbəllikdir.
Şekspirin komediyalarını meyxanadan sonra oxumaq ayrıca təcrübədir. Beatris ilə Benediktin bir-birinə söz atmağı, ölərkən belə söz oyunundan əl çəkməyən Merkutio mənə həmişə deyişməni xatırladıb, məsələn. Orda da qarşı tərəfin zəif yerini tapıb ritmi pozmadan vurmaq lazımdır. Qızıl çərçivənin içindən baxanda buna "yüksək komediya" deyirlər, amma çayxana tüstüsünün içindən baxanda tanış səhnədir. Eyni bacarıq başqa yerdə başqa qiymət alır. Aşıq deyişməsində iki nəfər saz çalıb bir-birinə cavabı yerindəcə düzür, bu sənət milli irs sayılır və UNESCO-nun siyahısına düşüb. Meyxanada iki nəfər mikrofonla eyni işi görür və buna “toy mədəniyyəti” deyirlər. Görürsən? Fərqi bacarıq yaratmır, qablaşdırma yaradır.
Fikir həmişə gözləmədiyin yerdən gəlir. Şəhər mərkəzindəki kitab mağazasından da çıxa bilər, kənd yolunun kənarında siqaret çəkən bir kişinin ağzından da. Birini avtomatik üstün saymaq üçün ağlabatan səbəb yoxdur. Qarşıma çıxan fikrə həmişə üç sual verirəm: Nə deyir? Nəyi açır? Əvvəl görmədiyim bir şeyi göstərirmi? Cavab müsbətdirsə, onun hardan gəldiyi ikinci dərəcəli məlumata çevrilir və adını sonra da öyrənmək olar. Həyətdəki skamyada oturan kişilər Delözü tanımır və tanımağa borclu da deyillər. Onların yanından keçən adamın isə öz biliklərindən vaz keçməyinə ehtiyac yoxdur, bir axşam vaxtı keçəndə ayaq saxlamağı kifayətdir. Nəyisə tapmasa, itirdiyi beş dəqiqə olacaq, tapsa, “səviyyə” sözünü bir də o qədər rahat işlədə bilməyəcək
Ağasəlim Çıldaq necə deyir?
"Axşamüstü sərin küley əsəndə,
Gözdüyceyəm, gəlsön də, gəlməsön də.."
HÜSEYN XALİS
(may 2026, Bakı)